Laboratoriya

Baku Master Technology Transfer Programını başa vuran ADNSU tələbələri mükafatlandırılıb

image

İyunun 6-da Heydər Əliyev Fondu və Technip Energies  şirkəti  tərəfindən keçirilən Baku Master Technology Transfer Programını (MTTP-2022) uğurla başa vuran tələbələrin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Technip Energies şirkətinin Baş direktoru Marco Villa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Heydər Əliyev Fondunun əməkdaşı Fərhad Böyükzadə, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Technip Şirkətinin Azərbaycanda baş meneceri Luigi Fiorentino və digər rəsmilər iştirak ediblər. Heydər Əliyev Fonduna və Technip şirkətinə proqramı dəstəklədikləri üçün minnətdarlığını bildirən rektor, professor M.Babanlı 23 nəfər ADNSU tələbəsinin proqramda iştirakının universitet üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Rektor həmçinin yaşıl enerjiyə keçidin vacib qlobal məsələlərdən olduğunu bildirərək, universitetdə bu istiqamətdə yeni ixtisasların açılacağını  vurğulayıb və bu istiqamətdə Technip şirkəti ilə əməkdaşlığa hazır oluğunu deyib. Daha sonra proqramı uğurla bitirən bütün tələbələrə sertifikatlar təqdim olunub. Bu proqramda iştirak etmiş  Neft-mexanika fakültəsinin Texnoloji maşın və avadanlıqlar mühəndisliyi ixtisasının 431.18 qrup tələbəsi  İskəndər Əliyev Technipin Avropa və Azərbaycandakı ofisində təcrübə proqramında iştirak şansı qazanıb.

2022-06-06