Laboratoriya

ADNSU-da XII Məzun-Karyera sərgisi keçirilib

image

Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XII Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 73 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni”QSC, “AzerGold”QSC, “Azərcell”, “Azerfloat”QSC və digərləri  iştirak edib. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına sərgidə 219 vakant iş yeri və 270 təcrübə yeri təklif olunub. ADNSU-nun rektoru, professor Mustafa Babanlı sərgi iştirakçılarını salamlayaraq, universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgisinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Məzun-Karyera sərgiləri məzun və işəgötürənlərin qarşılıqlı - faydalı əməkdaşlıq əlaqələri qura bilməsi üçün əlverişli platformadır. Milli iqtisadiyyat və sənaye üçün yüksəkixtisaslı kadrların yetişdirilməsinin universitetin qarşısında prioritet məsələ kimi dayandığını vurğulayan rektor M.Babanlı sərgidə iştirak edən bütün qurumların nümayəndələrinə təşəkkürünü bildirib. Daha sonra ADNSU-nun rektoru, professor M.Babanlı, prorektorlar, tələbə və məzunlar sərgidə iştirak edən qurumların stendləri ilə tanış olublar.

2022-05-23